Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Astanada yerləşən Dövlət Qulluğu üzrə Regional Xabın sədrinin təbrik məktubu
27-07-2016


Astanada yerləşən Dövlət Qulluğu üzrə Regional Xabın İcraedici Komitəsinin sədri cənab Alixan Baymenov Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunması münasibətilə Məleykə xanım Abbaszadəyə təbrik məktubu ünvanlamışdır. A.Baymenov M.Abbaszadəyə yeni vəzifəsinin icrasında uğurlar arzu edərək dövlət qulluğu sahəsində əməkdaşlığın davam etdiriləcəyinə əminliyini vurğulamışdır.

Məktubda Regional Xabın əsasını qoyan və fəal üzvlərindən biri kimi Dövlət İmtahan Mərkəzinin tərkib hissəsi olan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın gördüyü işlər yüksək qiymətləndirilmişdir.

Regional Xabın təşkilatçılığı ilə 2014-cü ilin oktyabr ayında Bakıda regionun müxtəlif ölkələrinin, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), BMT-nin İnkişaf Proqramının və Dövlət İdarəçiliyi üzrə Amerika Cəmiyyətinin nümayəndələrinin də iştirak etdiyi “Dövlət xidmətlərinin səmərəli şəkildə çatdırılması” mövzusunda keçirilmiş dəyirmi masanın bilik və təcrübə mübadiləsi baxımından önəmi xüsusi olaraq vurğulanmışdır.

Qeyd olunmuşdur ki, bu günədək Azərbaycanın dövlət qulluqçuları Regional Xabın illik konfranslarında, seminarlarında, qarşılıqlı öyrənmə sessiyalarında, həmçinin araşdırma təşəbbüslərində fəal iştirak etmişlər.

Məktubun sonunda Regional Xab çərçivəsində dövlət qulluğu sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi və qarşılıqlı faydalı bilik və təcrübə mübadiləsinin davam etdirilməsi niyyəti bir daha qeyd olunmuşdur.

ELEKTRON XİDMƏTLƏR
TEST İMTAHANINI ONLAYN İZLƏMƏ

Virtual Qarabag